Rus PUA-ları ilə gərgin mübarizə| Ukrayna müharibə qaydalarını yenidən yazır

  Rus PUA-ları ilə gərgin mübarizə|  Ukrayna müharibə qaydalarını yenidən yazır
1754     20:00     03 05 2022    
Ukraynanın “Come Back Alive” qeyri-kommersiya təşkilatı ölkə əsgərlərinə Rusiyanın işğalı ilə mübarizədə kömək etmək üçün sursat, qatlanan dayaqlar və radiolar toplayıb. Keçən həftə təşkilat həmçinin daha çox “YouTube” videolarını canlandırmaq üçün istifadə olunan sistemləri də təqdim etdi: 24 ədəd “DJI Mavic 3” kvadrakopter tipli Pilotsuz Uçuş Aparatı (PUA).

2015-ci ildən bəri PUA-larla işləyən və təhlükəsizlik səbəbi ilə adının açıqlanmasını istəməyən Ukrayna ordusunun hərbçisi deyir ki, PUA-lar onların gözləridir.

Zabit deyir ki, Ukrayna ordusunun rəsmi PUA bölməsi yoxdur, lakin əsgərlər və mülki şəxslər onlardan qarşıdakı əraziləri görmək üçün istifadə edirlər: “Əgər Rusiya artilleriyası zərbə endirməyə hazırlaşırsa, biz mülki insanları köçürə bilərik... Bu, qabaqlayıcı zərbə endirmək və Ukrayna xalqını xilas etmək imkanıdır”.

Kommersiya kvadrokopterlərindən tutmuş sabit qanadlı hərbi modellərə qədər PUA-lar Ukrayna üçün vacib olduğunu sübut edib. Müharibənin əvvəlində “Aerorozvidka” adlı mülki PUA komandası Ukraynaya ölkənin paytaxtı Kiyevə doğru gedən zirehli texnika karvanını dayandırmağa kömək etmək üçün hərbi birləşmələrlə işləyirdi. Gecə pusqusunda PUA maşınların üzərinə kiçik partlayıcılar atıb. Komanda həmçinin Ukraynaya Rusiyanın Kiyev yaxınlığındakı hava limanını ələ keçirmək cəhdini dəf etməyə kömək edib.

PUA-lar hələ 1849-cu ildən döyüşlərdə istifadə edilib. Yaponiya İkinci Dünya Müharibəsi zamanı Sakit Okeanın üzərindən ABŞ-a balon tipli bombalar göndərirdi. “General Atomics” şirkətinin daha böyük MQ-1 “Predator” və MQ-9 “Reaper” PUA-ları ABŞ-ın Əfqanıstan və İraqdakı müharibələrində istifadə edilməyə başlandıqdan sonra “dron” və PUA terminləri geniş yayılmağa başlandı. 2011-ci ilə qədər ABŞ ordusu 11.000 böyük, bahalı sistemlərə sahib idi.

PUA-lar Ukraynanın aşağı büdcəli qüvvələri ilə Rusiyanın nəhəng ordusu arasında asimmetrik müharibədə rol oynayıb. Miniatürləşdirmə kommersiya PUA-larının dəyərini, uçuş vaxtını və uçuş məsafəsini yaxşılaşdırdı, ukraynalılar milyonlarla dollara başa gələ biləcək Rusiya zirehli maşınlarına qarşı hərbi PUA-lardan uğurla istifadə etdilər. Bu vasitələr müharibə qaydalarını yenidən yazır.

“Rand Corp”un hərbi tədqiqatçısı Con Paraçini deyir ki, bir zamanlar tank əsas vasitə idi, bu gün isə həlledici silah sistemi PUA ola bilər.

Mülki PUA-lar əsasən kəşfiyyat üçün faydalı olsa da, Ukraynanın hərbi PUA parkı faktiki hücumu həyata keçirmək üçün vacib olduğunu sübut edib. Türkiyə istehsalı olan böyük “Bayraktar TB2” Rusiya təchizat maşınlarını və HHM sistemlərini məhv etmək üçün istifadə edilib. “UA Dynamics” adlı Ukrayna şirkəti kiçik ölçüsü bomba daşıya bilən “Punisher” adlı aşağı profilli müşahidə PUA-sı hazırlayır. ABŞ Müdafiə Nazirliyi “AeroVironment” şirkətindən “Switchblade” və “Puma” adlı 100-dən çox kiçik hərbi PUA göndərir.

2021-ci ildə Ukrayna hərbçiləri hazırda Rusiya işğalçı qüvvələrinə qarşı mübarizədə istifadə edilən “Baykar” istehsalı “Bayraktar TB2” PUA-larının iştirakı ilə təlim keçirdi.

Hərbçinin hesablamalarına görə, ukraynalılar müharibədə 1000-ə yaxın PUA-dan istifadə edir.

“Business Research Company” şirkətinin məlumatına görə, hərbi PUA satışlarının ildə təxminən 7% artaraq 2021-ci ildəki 13 milyard dollardan 2026-cı ildə 18 milyard dollara çatacağı gözlənilir.

Digər ABŞ istehsalçıları humanitar və ya qeyri-döyüş məqsədləri üçün Ukraynaya PUA-lar göndərir.

“Draganfly” qan, peyvənd, antibiotik, insulin və soyuducuda saxlanmalı olan digər tibbi məhsulların çatdırılması üçün 10 PUA satıb və üçünü hədiyyə edib. Bu iş üçün tərəfdaşlar arasında “Coldchain Delivery Systems” və “Revived Soldiers Ukraine” təşkilatları var. PUA-ların bəziləri minaları aşkar etmək üçün lidar və maqnitometr sensorları ilə təchiz edilir. Baş direktor Kameron Çell bildirib ki, avqust ayına qədər 200 PUA göndərməyi planlaşdırırlar.

Baş direktor Barri Aleksander bildirib ki, “Aquiline Drones” 3000 dollar dəyərində olan “Spartacus Hurricane” PUA-larından 40-nı yoxlamalar, axtarış və xilasetmə işləri, dərman və su kimi yardım vasitələri göndərmək üçün Ukraynaya hədiyyə edib. O, ianələrin hesabına 1000 PUA-nı Ukraynaya göndərməyə ümid edir.

“Skydio” Ukraynadakı humanitar və yardım səylərini dəstəkləmək üçün ümumilikdə təxminən 300.000 dollar dəyərində onlarla PUA hədiyyə edib. Şirkət kommersiya məqsədli istifadələrə diqqət yetirsə də, müşahidə üçün ABŞ ordusuna da PUA-lar satır.

“Skydio”nun federal satışlarına rəhbərlik edən və İraqda, Əfqanıstanda və digər bölgələrdə Hərbi Dəniz Qüvvələrinin tərkibində PUA-lardan istifadə edən Çak Makqrou deyir: “Əgər siz atəş edirsinizsə, ilk edəcəyiniz şey gizlənməkdir, bundan sonra atəşin haradan gəldiyini anlamalısınız. Siz 60 saniyə və ya daha az müddətdə PUA tətbiq edib gələn təhlükəni daha tez müəyyənləşdirə bilərsiniz”.

Rusların Ukrayna PUA-larına qarşı mübarizə üçün öz PUA-ları və hava hücumundan müdafiə sistemləri var. Ukrayna fotoşəkilləri rusların Ukraynanın istifadə etdiyi eyni “DJI Mavic 3” PUA-larına sahib olduğunu göstərir. Lakin söhbət Rusiya hərbi PUA-larına gəldikdə, açıq mənbəli kəşfiyyat rusların 30-a yaxın PUA-sının məhv edildiyini və ya ələ keçirildiyini sübut edir.

Ukraynada PUA-ların üstünlüyü uzunmüddətli deyil, çünki tərəflər PUA-ları sıradan çıxarmaq üçün radioelektron mübarizə vasitələrindən istifadə edir. Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynada gözlənildiyi kimi işləməsə də, ordular PUA-lara qarşı texnologiyaya ciddi investisiya yatırırlar.

Ukraynalı zabit əlavə edib ki, PUA-ların müharibədə istifadəsi təhlükəlidir. Düşmən qüvvələri PUA-ların havaya qalxdığını görəndə operatorları atəşə tuta və PUA-ların yerini müəyyən etmək üçün DJI-nin “AeroScope” texnologiyasından istifadə edə bilər. “Ukrayna dilində bir zarafatımız var: Hər dəfə yeni siçanımız olanda kimsə yeni siçan tutan düzəldəcək”, - deyə zabit qeyd edir.

Texnoloji yüksəlişi davam edəcək. Ehtimal edilən inkişaflardan biri, bir-biri ilə əlaqəli bir çox PUA sürülərinin inkişaf etdirilməsidir, onları birlikdə izləmək daha çətin olacaq.

Hər biri 2000 dollar dəyərində olan 5000 PUA-nı dayandırmaq üçün texnologiya hələ ki yoxdur.

PUA-lar insan tərəfindən idarə olunan təyyarələr və raketlər arasında orta yeri tutur. “AeroVironment” şirkətinin “Switchblade 300” və “Switchblade 600” modelləri Ukrayanaya təhvil verilib.

“Switchblade 300”ün çəkisi aşağıdır, bel çantasına sığır və kompakt borudan buraxılır. O, hədəfi ilə toqquşmadan əvvəl 15 dəqiqə uça bilir. Nisbətən daha ağır olan “Switchblade 600” zirehli maşınlar kimi daha ciddi hədəflər üçün nəzərdə tutulub. O, 40 dəqiqə havada qala bilir.

“AeroVironment” həmçinin 6 saat yarıma qədər havada qala bilən “Puma” kəşfiyyat PUA-ları satır. Bu vasitələr katapult ilə işə salındıqdan sonra hədəfləri aşkar edə və koordinatları hücum üçün xüsusi kanaldan istifadə etmədən “Switchblade”ə ötürə bilər.

ABŞ ordusu 800 milyon dollarlıq hərbi yardım paketinin bir hissəsi kimi martın sonunda Ukraynaya 100 PUA göndərməyə başlayıb. Daha sonra “Puma” PUA-larının göndiriləcəyi barədə xəbərlər yayıldı.

Ukrayna Ordusu, həmçinin Türkiyə istehsalı “Bayraktar TB2”dən istifadə edir. PUA GPS olmadan naviqasiya edə və lazerlə idarə olunan sursat daşıya bilir. Onların hər biri bir neçə milyon dollar başa gəlir. “Bayraktar TB2” əvvəlki müharibələrdə quru qoşunlarına qarşı kifayət qədər dağıdıcı təsir göstərmək üçün istifadə edilib.
Strategyvision.org

Teq: Rusiya   Ukrayna   Müharibə  


Oxşar məqalələr
Son əlavə olunanlar